close
icon E-kataloq və kitabxana

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon Milli Kitabxananın qonağı olub

24-04-2026

24 aprel tarixində  Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon və  Kolumbiyanın Azərbaycandakı konsulu və mədəniyyət işləri üzrə məsul şəxs cənab Andres Felipe Giraldo Lopez Azərbaycan Milli Kitabxanasının qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Qonaqları salamlayan direktor Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın, dost münasibətdə olduğunu bildirərək, Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının dünyanın 65 Milli Kitabxanası ilə qarşılıqlı əmakdaşlıq haqqında memorandum imzaladığını, 90-dan artıq  ölkə ilə kitab mübadiləsi apardığını, Kolumbiya Milli Kitabxanası ilə isə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2023-cü ildə imzalandığını bildirib.

Görüş zamanı direktor hər iki ölkənin Milli Kitabxanalarında milli Ədəbiyyat bölmələrinin açılmasının vacibliyi məsələsini xüsusi vurğulayaraq bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq  Kitab sərgisi zamanı Azərbaycan Milli Kitabxanasında Kolumbiya ədəbiyyatı guşəsinin təşkilini məqsədəmüvafiq hesab edib.

Səfir Nelsi Rakel Munar Xaramiyon səmimi qəbula görə təşəkkür edərək Kolumbiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini  bildirib. O, Azərbaycan Milli Kitabxanası  ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirərək gələn ilin aprelində Kolumbiya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılmasına lazımi dəstək verəcəyini söyləmişdir.

Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub.

Direktor prof. Kərim Tahirov qonağa “İrs” nəşriyyat evinin çap etdiyi “Tükənməz xəzinə” kitabını və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və Azərbaycanın xəritəsini hədiyyə edib.

Sonda xatirə şəkli çəkilib.

icon

Foto qalereya