close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” mövzusunda videokonrans keçirib

29-03-2021

Videokonfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, ilk öncə keçən ilin Azərbaycan üçün əhəmiyyətindən, 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan ordusunun, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə qazanılan mühüm tarixi Qələbədən və bu dövrdə qardaş Türkiyənin Azərbaycana göstərdiyi böyük dəstəkdən danışıb. Kərim Tahirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etməsini mühüm siyasi və mədəni əhəmiyyət kəsb etdiyini konfrans iştrakçılarının nəzərinə çatdırıb.

Kərim Tahirov “Nizami ili”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq yolundan danışaraq Azərbaycan Respublikası Prezidentinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq mart ayının əvvəlində Türkiyənin Ankara və İstanbul şəhərlərində geniş kitab sərgisinin təşkil olunduğu qeyd edib. Kərim Tahirov Milli Kitabxana tərəfindən hələ 2012-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından“ Nizami Gəncəvi biblioqrafiyasının tərtib olunub nəşr edildiyini vurğulayaraq bu ilin sonuna kimi yeni fundamental bir biblioqrafiyanın da nəşr olunacağını iştirakçıların nəzərinə çatdırıb.

Sonra Kərim Tahirov bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunmuşdur ki, bunların içərisində dahi Nizaminin də əlyazmaları yer almışdır və Milli Kitabxana bu işi bu il “Nizami Gəncəvi ili” çərçivəsində də davam etdirməkdədir. Artıq Çexiya, Rumıniya, Misir, Rusiya, Türkiyə, Bosniya və Hersoqovina, İran və digər ölkələrin milli kitabxanaları ilə danışıqlar gedir və bu kitabxanalarda olan əlyazmaların digital nüsxələrinin Azərbaycana gətirilməsi istiqamətində addımlar atılır.

Daha sonra Türkiyənin Kastamonu Universitetinin profesoru Vüsalə Musalı çıxış edərək ilk öncə Milli Kitabxananın fəaliyyətinə, ziyalılara, alimlərə göstərdiyi xidmətdən danışaraq öz təşəkkürünü bildirib. O, Milli Kitabxana tərəfindən tərtib olunan biblioqrafiyaları dəyərləndirərək, onların tədqiqatçılar üçün mühüm informasiya mənbəyi olduğunu bildirib. Daha sonra o, öz axtarışları nəticəsində əldə etdiyi dünyanın müxtəlif kitabxanalarında saxlanılan əlyazmalar barədə məlumatları Milli Kitabxana ilə bölüşüb və əldə etdiyi Nizami əlyazmalarının Mançestr nüsxəsini də Milli Kitabxanaya elektron versiyada göndərəcəyini bildirib. Prof. V.Musalı çıxışı zamanı bir sıra dünya kitabxanalarından əldə etdiyi Azərbaycan ədəbiyyatının klassiklərinə və eləcə də Nizami Gəncəviyə dair əlyazmaların videogörüntülərini nümayiş etdirmişdir.

Videokonfransın davamında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsinin dekan vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı çıxış edərək Nizami Gəncəvinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışaraq bu ilin Dahi Azərbaycan şairinə həsr olunmasının əhəmiyyətini vurğulayıb. O, Nizami Gəncəvi ilə bağlı universitetdə də tədbirlərin təşkilini  qeyd edərək bu istiqamətdə Milli Kitabxananın həyata keçirdiyi layihələri alqışladığını bildirmiş və Dahi Nizamiyə dair həm fundamental biblioqrafiyanın tərtibi və həm də onun dünya kitabxanalarında saxlanılan əlyazmalarının ölkəmizə gətirilməsi layihələrinin ədəbiyyatımıza və mədəniyyətimizə təqdirəlayiq xidmət olduğunu qeyd etmişdir. Çıxışının sonunda dos. Ə.Cabbarlı Kastamonu Universitetinin profesoru Vüsalə Musalıya da bu təmənnasız xidmətinə görə öz dərin təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda prof. Kərim Tahirov çıxış edərək Nizami əlyazmalarının əldə olunmasına göstərdiyi təmənnasız köməyinə görə Milli Kitabxananın kollektivi və oxucuları adından  prof. Vüsalə Musalıya dərin təşəkkürünü bildirmiş və bütün xaricdə yaşayan həmvətənlərimiz olan ziyalıları bu xeyirxah işə qoşulmağa çağırmışdır.

 

icon

Foto qalereya