close
icon E-kataloq və kitabxana

Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru cənab Əsədcan Xocayev Milli Kitabxanada olmuşdur

09-04-2021

Aprel ayının 9-da Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru cənab Əsədcan Xocayev Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayaraq onun Milli Kitabxanada olmasından məmnun olduğunu bildirmişdir.Görüş zamanı Milli Kitabxana haqqında, onun fəaliyyəti barədə qonağa ətraflı məlumat verən Kərim Tahirov pandemiya şəraitində oxucuların sorğularının onlayn olaraq operativ şəkildə ödənildiyini qeyd etdi.

Kərim Tahirov iki ölkə arasındakı sıx əlaqələrin kitabxana sahəsində də davam etdirilməsinin vacibliyini vurğuladı. O qeyd etdi ki, Milli Kitabxanada mütəmadi olaraq keçirilən beynəlxalq sərgi və konfranslarda Özbəkistandan olan nümayəndələr daim böyük məmnuniyyətlə iştirak edirlər. Təsadüfi deyildir ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan Beynəlxalq Əməkdaşlıq Zalında Özbəkistanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə dair bir guşə də vardır. Bu zalda həmin ölkənin milli kitabxanası ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür. Bütün bunların iki qardaş ölkə arasındakı doğma münasibətdən irəli gəldiyini bildirən Kərim Tahirov yaxın zamanlarda Özbəkistan Milli Kitabxanasında da Azərbaycana dair belə bir guşənin açılacağına ümid etdiyini bildirdi.

Daha sonra cənab Əsədcan Xocayev Kərim Tahirova təşəkkürünü bildirmiş və Milli Kitabxanada olmaqdan məmnun olduğunu qeyd etmişdir. O, Azərbaycan və Özbəkistanın ortaq mədəniyyətə və ədəbiyyata sahib olduğundan, iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsindən, qarşılıqlı kitab, qəzet və jurnal mübadiləsinin əhəmiyyətindən söz açmışdır. Görüş zamanı Əsədcan Xocayev Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında 2008-ci ildə imzalanmış əməkdaşlıq haqqında Memorandumun yenilənməsinə ehtiyac olduğunu da qeyd etmişdir. Professor Kərim Tahirov təklifə müsbət münasibət bildirmiş və əməkdaşlıq haqqında memorandumun şərait imkan verdiyi təqdirdə Bakıda və ya Daşkənddə və yaxud da onlayn şəkildə imzalanmasını məqsədə uyğun hesab etmişdir.

Daha sonra Kərim Tahirov bildirmişdir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus olan qiymətli əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami Gəncəvi İli” çərçivəsində də davam etdirir. Direktor Kərim Tahirov Özbəkistan Milli Kitaxanasında olan Nizami Gəncəvi əlyazmalarının rəqəmsal sürətlərinin Milli Kitabxanaya veriməsində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru cənab Əsədcan Xocayevin köməyini xahiş etdi. Cənab Əsədcan Xocayev böyük məmnuniyyətlə bu məsələdə öz dəstəyini göstərəcəyini vurğuladı.

Sonra Direktor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası. Foto albom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını və “Azərbaycan filmləri” (CD) qonağa hədiyyə etdi. Cənab Əsədcan Xocayev də həmçinin Özbəkistana dair iki kitabı Milli Kitabxananın fonduna hədiyyə etdi. Daha sonra xatirə fotosu çəkildi.

Görüşdən sonra cənab Əsədcan Xocayev Milli Kitabxananı ziyarət etmiş, Nadir kitablar və  kitabxana muzeyi şöbəsi və Beynəlxalq Əməkdaşlıq Zalı ilə yaxından tanış olmuşdur.

icon

Foto qalereya