close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Sözləri Nizaminindir” adlı ədəbi-bədii qiraət və musiqi kompozisiyası və kitabxananın hazırladığı eyniadlı disk albomunun təqdimatı keçirilib

23-11-2021

Noyabrın 23-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Sözləri Nizaminindir” adlı ədəbi-bədii qiraət və musiqi kompozisiyası və kitabxananın hazırladığı eyniadlı disk albomunun təqdimatı keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “2021-ci ilin Nizami Gəncəvi ili elan olunması barədə” 5 yanvar 2021-ci il tarixli sərəncamına müvafiq olaraq 15-25 noyabr 2021-ci il tarixlərində Bakıda Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində baş tutub.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, bu günlərdə Azərbaycan xalqı, xaricdəki səfirliklərimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Bu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı sərəncamından sonra bu tədbirlərin miqyası daha da genişlənib. Direktor qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində Milli Kitabxana da festivalın proqramına daxil olan dörd tədbir keçirib. O, vurğulayıb ki, dünən Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət naziri cənab Anar Kərimovun iştirakı ilə TÜRKSOY-un nəşr etdiyi “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) və Milli Kitabxananın nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib.

Kərim Tahirov bildirib ki, bu gün təqdim olunan “Sözləri Nizaminindir” adlı CD disk albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Direktor qeyd edib ki, disk albomu 4 hissədən – “İsgəndərnamə”; “Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar”; “Fikrət Əmirov “Nizaminin xatirəsinə” simli simfoniya”; “Qara Qarayev “Yeddi gözəl” baleti” ibarətdir. Həmçinin, disk albomunda Nizami Gəncəvi haqqında Azərbaycan və ingilis dillərində qısa məlumat verilib.

Üzeyir Hacıbəyovun Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış edərək ilk öncə belə tədbirlərin təşkilinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, Nizaminin 880 illik yubileyi ərəfəsində Milli Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Sözləri Nizaminindir” adlı disk albomu böyük şair və mütəfəkkirin irsinin dünyaya tanıdılması işində çox əhəmiyyətlidir. Sonra o, Milli Kitabxananın direktoru Kərim Tahirovu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən II dərəcəli Əmək ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək belə gözəl tərtibatlı albomun tərtibinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi olaraq biz də “Nizami Gəncəvi ili”ndə bir sıra tədbirlər – sərgilər, beynəlxalq onlayn konfrans və s. keçirmişik.

Tədbirin davamında Beynəlxalq müsabiqələr laureatı Svetlana Əhmədovanın müşayiəti ilə Əməkdar artist İlham Nəzərovun ifasında musiqi kompozisiyaları təqdim olunub.

 

 

icon

Foto qalereya