21-10-2025
Milli Kitabxanada görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, yazıçı və pedaqoq Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Süleyman Sani Axundov – 150” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə Süleyman Sani Axundovun hekayələri, povestləri, elmi-publisistik materialları, görkəmli dramaturqun həyatı, mühiti, ömür yolu, şəxsiyyəti, bədii yaradıcılığı, dünyagörüşü, müasirləri ilə əlaqələri və s. haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
Qeyd edək ki, Süleyman Sani Axundov 1875-ci ildə Şuşada bəy ailəsində anadan olub. 1885-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olub, burada milli, klassik rus və dünya ədəbiyyatı ilə tanış olub. 1894-cü ildə seminariyanı bitirərək Bakıda III dərəcəli rus-tatar məktəbində müəllim işləməyə başlayıb.
1906-cı ildə Bakıda müəllimlərin I qurultayında fəal iştirak edib, ərəb əlifbasının islahı və ana dilində proqram tərtib etmək təşəbbüsləri ilə çıxış edib, ana dilində proqram tərtib etmək üçün yaradılan komissiyaya seçilib. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və digər maarif xadimləri ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib.
1918-ci ildə Azərbaycanın ilk Maarif komissarı, 1920-ci ildə isə Qarabağ vilayət maarif şöbəsinin müdiri olub. Onun rəhbərliyi ilə Qarabağ və Zəngəzurda məktəblər, uşaq evləri, klublar və digər mədəni-maarif ocaqları açılıb.
1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq və Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk əlifbası” dərsliyini yazıb və “Azərbaycan ədib və şairlər ittifaqı”nın sədri seçilib.
Süleyman Sani Axundov dramaturgiyaya M.F.Axundovun “Hacı Qara” əsərinin təsiri ilə yazdığı “Tamahkar” komediyası ilə gəlib. 1906-cı ildə “Dibdat bəy” və “Türk birliyi” komediyalarını qələmə alıb. Yazıçı “Qorxulu nağıllar” (1912–1914) silsiləsi ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib. Onun “Laçın yuvası” (1921), “Cərxi-fələk” (1921), “Qaranlıqdan işığa” (1921), “Eşq və intiqam” (1922) dramları və “Molla Nəsrəddin Bakıda” (1921), “Şahsənəm və Gülpəri” (1921), “Bir eşqin nəticəsi” (1922), “Yeni həyat” (1923) komediyaları ədəbiyyat tarixində özünəməxsus yer tutur.
1923–1935-ci illərdə yazdığı “Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət qurbanı”, “Nə üçün?”, “Təbrik”, “Sona xala”, “Namus”, “Mister Qreyin köpəyi” və digər hekayələri Azərbaycan nəsrinin ilk nümunələrindəndir.
1932-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Süleyman Sani Axundovun pedaqoji, ədəbi və ictimai-mədəni fəaliyyətini yüksək qiymətləndirərək ona “Əmək qəhrəmanı” fəxri adını verib.