06-11-2025
Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.
Bu əlamətdar günlə bağlı Milli Kitabxanada “6 noyabr - Televiziya və Radio İşçiləri Günü” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə Azərbaycan milli radiosu və televiziyasının təşəkkülü, tarixi mərhələləri, müstəqillik illərinin televiziyası, müasir inkişaf meylləri və elektron KİV vasitəsi kimi formalaşması, bütövlükdə Azərbaycan televiziyasının inkişaf tarixi haqqında Azəbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Xatırladak ki, 1926-cı il noyabrın 6-da Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.