close
icon E-kataloq və kitabxana

Milli Kitabxana Azərbaycanın tədqiqatçı alimləri seriyasından “Teymur Əhmədov” biblioqrafiyasını nəşr etdirib

06-07-2021

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın tədqiqatçı alimləri” seriyasından tərtib etdiyi növbəti biblioqrafiya görkəmli ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Əkbər oğlu Əhmədovun anadan olmasının 90 illiyinə həsr edilmişdir.

      Teymur Əhmədov haqqında ilk biblioqrafiya 2005-ci ildə professorun anadan olmasının 75 illiyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən (Teymur Əkbər oğlu Əhmədov: biblioqrafik məlumat toplusu / Tərt. ed. İ.Səfərov; red. N.Rüstəmli. ‒ Bakı: Nurlar, 2005. ‒ 184 s.) nəşr edilmiş, yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşri isə 2007-ci ildə çapdan çıxmışdır. Professor Teymur Əhmədovun geniş və çoxşaxəli yaradıcılığı nəzərə alınaraq 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən yeni biblioqrafik göstəricinin tərtib edilməsi qərara alınmışdır. 1957-2021-ci illəri əhatə edən bu biblioqrafiya daha da təkmilləşdirilmiş, yeni bölmələr və yarımbölmələr əlavə edilmişdir. Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri – kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanmışdır.

      İlk dəfə olaraq “Teymur Əhmədov dünya kitabxanalarında” və “Teymur Əhmədov dünya universitet kitabxanalarında” bölmələri də hazırlanaraq biblioqrafiyaya daxil edilmişdir. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırası gözlənilmişdir.

      Kitabda “Teymur Əhmədovun həyat və yaradıcılığının əsas tarixləri”, “Teymur Əhmədov yaradıcılığından seçmələr”, “Görkəmli şəxsiyyətlər Teymur Əhmədov haqqında” bölmələri də öz əksini tapmışdır.

      Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Teymur Əhmədovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilmişdir.

      Biblioqrafiya ədəbiyyatşünaslar, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

      Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Teymur_Ehmedov.pdf linkindən istifadə edə bilərlər.