close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ustad sənətkar Aşıq Ələsgər” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

02-07-2021

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ustad sənətkar Aşıq Ələsgər” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Ələsgərəm, hər elmdən halıyam”, “Görkəmli şəxsiyyətlər Aşıq Ələsgər haqqında”, “Aşıq Ələsgərin söz xəzinəsindən incilər”, “Aşıq Ələsgərin sözlərinə yazılmış musiqi əsərləri”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/A.Elesger/index.html linkindən istifadə edə bilərlər.