18-09-2025
Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Milli Kitabxanada bu münasibətlə “Üzeyir Hacıbəyli – 140” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəsmi sənədlər, dahi bəstəkar, musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsi, operaları, musiqili komediyaları, satirik hekayələri, felyetonları, dərslikləri, həyatı, elmi və ictimai-siyasi fəaliyyəti, Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri, publisistikası, xalq musiqisi, xor musiqisi, ifaçılıq sənəti və s. çoxşaxəli yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş monoqrafiyalar, dərsliklər və digər tədqiqat əsərləri, Beynəlxalq Musiqi Festivalları, Şuşada və Bakıdakı ev-muzeyləri, Üzeyir Hacıbəyli təsviri sənətdə və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Hacibeyli_Uzeyir/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operası təşkil edir. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən dahi bəstəkar 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.