close
icon E-kataloq və kitabxana

V BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI

28-09-2017

28 sentyabr 2017-ci il tarixində Azərbaycan Milli Kitabxanasında V BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI çərçivəsində Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi keçirilir.

Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətdən sonra müşavirə iştirakçıları Azərbaycan Milli Kitabxanasının sərgi zalında “Azərbaycan bu gün” mövzusunda geniş kitab sərgisi ilə tanış olmuşlar.

Müşavirəni Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev “Kitab, kitabxana və innovasiyalar” mövzusunda geniş məruzə ilə çıxış etdi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdikləri “Açıq Kitabxana” layihəsinin Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova tərəfindən təqdimatı oldu. Bakıxanov qəsəbəsində yeni açılan “Kitabxana-asudə vaxt” mərkəzinin təqdimatı Sabunçu rayon MKS-nin Bakıxanov qəsəbə filialının İnformasiya resurs şöbəsinin müdiri Leyla Məhərrəmova tərəfindən edilmişdir.

Daha sonra Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov – BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva, Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev məruzə ilə çıxış etdilər.

Tədbir zamanı “Azərbaycan Milli Kitabxanasının nəşrləri” adlı sərgisi nümayiş edilmişdir.

Tədbirin sonunda iştirakçılar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq Kitabxana”nın işi ilə tanış olmuşlar. Arzu edənlər Bakı şəhər Bakıxanov qəsəbəsində yeni açılmış müasir kitabxananın işi ilə tanış olmaq məqsədilə oraya getmişlər.