08-08-2026
8 avqust 2026-cı il tarixində Milli Kitabxanada yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Yazıçı, Əlisa Nicat - 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin şeirləri, nəsrləri, romanları, poemaları, povestləri, esseləri, hekayələri, tərcümələri, ön söz müəllifi, redaktoru olduğu, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib.
Bədii yaradıcılığa orta məktəb illərində başlamış, 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib.
1967–1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973–1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983–1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993–1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib.
Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
Əlisa Nicat Azərbaycan ədəbiyyatında fəlsəfi hekayə və pritça janrının inkişafına mühüm töhfələr vermiş, tarixi roman və fəlsəfi antologiya-ensiklopediyaların müəllifi kimi geniş tanınıb. Yazıçının yaradıcılığına müxtəlif janrlarda povestlər, romanlar, pritçalar, esselər və geniştərcümə irsi daxildir.
Onun külliyyatı 50 cildlik nəşr kimi planlaşdırılmış, 2012–2023-cü illər ərzində həmin külliyyatın 28 cildi çap olunub.
Əlisa Nicatın yaradıcılıq irsi olduqca genişdir və o, “Gəncəli müdrik”, “Nağıllara dönən tarix”, “Sasanilərin sonu”, “Ehram”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və İblislər”, “Rza xan”, “Qızılbaşlar”,“Fenomen”, “Satrap və demokrat”, “Artakserks və Midya türkləri”, “Əsrin mənzərəsi”, “Sirli xəzinə”, “Müdriklik məbədi”, “Bülbül və gül”, “101 Dahi”,“Qızıl fəlsəfə”, “Tiranlar və kölələr” və“Vətənpərvər” kimi əsərlərin müəllifidir.