close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi, “Xalq yazıçısı Yusif Səmədoğlu” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

25-12-2025

25 dekabr 2025-ci il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illik yubileyi münasibətilə “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi, “Xalq yazıçısı Yusif Səmədoğlu” adlı  elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

Ənənəvi sərgidə 60-cı illərin ədəbi mühitinin yetişdirməsi Xalq yazıçısı Yusif Səmədoğlunun romanları, hekayələri, ədəbi irsi barədə maraqlı fikirlər, xatirələr, ön söz yazdığı və redaktor olduğu kitablar, həyatı və bədii yaradıcılığı, Səməd Vurğun və Səmədoğlular və s. haqqında monoqrafiyalar, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, yazıçının əsərləri, ön söz yazdığı və redaktor olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yusif_Semedoglu/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazası ““Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Yusif Səmədoğlu xatirələrdə”, “Nadir və gözəl insan”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Filmoqrafiya”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatları”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Baza ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

https://anl.az/el/emb/Yusif_Semedoglu/index.html

XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilən Xalq yazıçısı Yusif Səməd oğlu Vəkilov 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

Xalq yazıçısı Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var.

Xalq yazıçısı Yusif Səmədoğlunun Azərbaycan nəsrinin inkişafında səmərəli xidmətləri qiymətləndirilib. O, Azərbaycan ədəbiyyatınin inkişafında böyük xidmətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeninə layiq görülüb, 1998 – ci ildə "Xalq yazıçısı" fəxri adı ilə təltif olunub.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın nümunəsidir.

 

icon

Foto qalereya