close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

23-05-2022

Bu gün Azərbaycan Milli Kitabxanasının 99 illik yubileyi tamam olur.

Azərbaycanın baş kitabxanası olan Milli Kitabxana nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada tanınan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir.

Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.  Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır.

“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında Azərbaycan kitabının arxiv fondunu yaradır.

Bu gün Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz  funksiyalarını yerinə yetirir. Dünyanın 60-a yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalamışdır.

Ümummilli lider Heydər Əliyev çıxışlarında vurğulamışdır ki, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 4 dəfə Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə etmişdir.

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Bu münasibətlə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri,  fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.