close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

26-08-2021

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür. Bu tarix bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyasında nadir əsər tək qorunur və təqdim olunur. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir.

Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan etmişdir.

Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə  Azərbaycanın görkəmli şəxsiyyətlərinin muğam sənəti haqqında fikirləri, fotolar, mövzuya dair kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm linkindən istifadə edə bilərlər.