close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasını nəşr etdirib

17-05-2021

May ayının 17-də realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

       Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.

       Ötən ilin may ayında Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olmuşdur. Bu münasibətlə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin  150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasını nəşr etdirib.

       Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyası görkəmli yazıçı-dramaturq, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən zəngin materiallar öz əksini tapmışdır.

       Onu da qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyev haqqında ilk biblioqrafiya dramaturqun anadan olmasının 94 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Kitab Palatası tərəfindən 1964-cü ildə (Əbdürrəhim bəy Haqverdiyev: biblioqrafiya / Tərt. ed.: V.Mirzəyeva; redaktor: R.Kazımov. ‒ Bakı, 1964. ‒ 72, [4] s.) çap olunmuşdur.

       Azərbaycan Milli Kitabxanasının yubiley münasibətilə tərtib etdiyi bu yeni biblioqrafiya daha da təkmilləşdirilmiş, yeni bölmələr və yarımbölmələr əlavə edilmişdir. Biblioqrafiyanın əvvəlində Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2020-ci ildə imzaladığı “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əbdürrəhim bəy Haqverdiyev haqqında”, “Əbdürrəhim bəy Haqverdiyevin müdrik fikirləri” bölmələri verilmişdir. Biblioqrafiya 1892-2020-ci illərə aid Azərbaycan, rus və digər dillərdə çap olunmuş materialları əhatə edir. Biblioqrafiyada Əbdürrəhim bəy Haqverdiyevin kitabları, əlyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, habelə dramaturqun həyat və yaradıcılığını əks etdirən materiallar öz əksini tapmışdır. İlk dəfə olaraq “Əbdürrəhim bəy Haqverdiyev dünya kitabxanalarında” və “Əbdürrəhim bəy Haqverdiyev dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilərək biblioqrafiyaya daxil edilmişdir. Biblioqrafik göstəricinin “Əlavələr” bölməsinə “Arxiv materialları”; “Elektron resurslar”; “Əbdürrəhim bəy Haqverdiyevin səhnələşdirilmiş əsərlərinin afişa və proqramları” altbölmələri daxil edilmişdir.

       Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilmişdir.

       Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

       Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ebdurrerim.Haqverdiyev.pdf linkindən istifadə edə bilərlər.