close
icon E-kataloq və kitabxana

Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun böyük Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığına həsr olunmuş “Səməd Mənsurun poeziyası” kitabının təqdimatı

24-05-2017

May ayının 24-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Milli Kitabxana ilə birgə Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun böyük Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığına həsr olunmuş “Səməd Mənsurun poeziyası” kitabının təqdimat mərasimini keçirmişdir.

Tədbir Xalq artisti Nurədddin Mehdixanlının ifasında Səməd Mənsurun “Həpsi rəngdir” şeiri ilə başlamışdır.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlamış,  görkəmli akademik Nizami Cəfərovun yaradıcılığına nəzər salaraq unudulmuş, az tədqiq olunmuş, vətənin, xalqın tərəqqisi naminə təmənnaslz xidmətlər göstərmiş elm, ədəbiyyat, incəsənət xadimləri haqqında dəyərli kitablar yazıb, gənc nəslə təbliğ etməsini, belə “unudulmuş” şairlərdən biri olan Səməd Mənsurun yarasıcılğının tənqidi istiqamətli, üsyankar, həqiqətsevər poeziya kimi seçildiyini,  açıq düşüncəli, həyata açıq, müstəqil baxışı olan şair olduğunu bildirmişdir. Bu gün oxuculara təqdim olunan kitabda görkəmli şairin həyat və yaradıcılığının müxtəlif dövrlər üzrə tədqiq edildiyini, kitabın tədqiqatçılar üçün əsl töhfə olduğunu söyləmişdir.

Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Nizami Cəfərovun Səməd Mənsur irsinə belə toplu baxışını, şairin zəngin poeziyasını müxtəlif dövrlər, üslublar üzrə təsnif etməsini, haqqında daha əvvəl yazılanlara nəzər salıb dəyərləndirməsini Səməd Mənsurun ədəbiyyat tariximizə qayğısı kimi qiymətləndirmişdir.

Çıxışçılar - AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, publisist, yazıçı, filologiya elmləri doktoru Qəzənfər Paşayev, ADPU-nun Filologiya fakültəsinin dekanı, prof. Buludxan Xəlilov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Səməd Mənsurun yaradıcılıq yolunun tədqiqatçısı Yadigar Əsgərova və b. şairin istər çar dövründə, istər ADR, istərsə də sovetlər dönəmində rastlaşdığı nöqsanlara, neqativ hallara, zülmə, cəhalətə, avamlığa qarşı laqeyd qala bilmədiyini, həmişə kəskin mübarizə apardığını, şairin özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan sənətkarlardan olduğunu, romantik və realist üslubda yazdığı çoxsaylı əsərlərdə sərt satirik başlanğıcın, tənqidi yanaşmanın, milli bəlalarımızın müstəqim üsulla ifasının şairin yaradıcılığında ön plana çəkildiyini bildirmişlər.

Əsərin müəllifi N.Cəfərov çıxış edərək Səməd Mənsur poeziyasının ən mühüm məziyyətlərdən biri iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi aktuallıq kəsb edən ən müxtəlif mövzulara müraciət etməsi, milləti, cəmiyyəti narahat edən problemlər üzərində dayanması, onların vaxtında həlli üçün yüksək vətəndaş məsuliyyəti ilə düzgün çıxış yolları arayıb axtarması olduğunu söyləmişdir.

Sonda şairin ailəsi adından Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək kitabın ərsəyə gəlib, təqdim olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən “Görkəmli Azərbaycan şairi Səməd Mənsur” adlı geniş kitab sərgisi ilə tanış oldular.​