close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası-100” adlı virtual sərgi və “100 il Xalqın Xidmətində” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

23-05-2023

Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur.

Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranmış, fondunda olan ədəbiyyat sayı artmışdır.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz  funksiyalarını yerinə yetirir. 5 milyondan artıq fondu olan kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb.

Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 1995-1997-ciillərdə 4 dəfə Milli Kitabxanaya səfər etmiş və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə etmişdir.

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Yubiley münasibətilə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası-100” adlı virtual sərgi  həmçinin “100 il Xalqın Xidmətində” adlı ənənəvi kitab sərgisi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri,  fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr, ənənəvi sərgidə isə  kitabxananın nəşrləri və tarixi haqqında kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya