close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “10 Mart – Milli Teatr Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

10-03-2022

10 Mart – Azərbaycan Milli Teatrı Günüdür. Azərbaycan  milli  teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır.

XIX əsrin ortalarında Azərbaycanın müxtəlif bölgələrində həvəskar teatr tamaşaları göstərilsə də, milli teatrın yaranma tarixi 1873-cü ilin martın 10-u və aprelin 17-də Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnəyə qoyuluşu ilə bağlıdır. Bakı realnı məktəbinin müəllimi Həsən bəy Zərdabinin və şagirdi Nəcəf bəy Vəzirovun təşəbbüsü, Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə şagirdlərin göstərdiyi bu tamaşalarla tarixinin ilk səhifələrini yazan Azərbaycan teatrı dövrün görkəmli ziyalılarının gərgin fəaliyyəti nəticəsində ölkənin mədəni həyatına yeni ab-hava gətirdi, milli teatrın yaranması üçün təkan oldu.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı ilə hər il mart ayının 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd olunur.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “10 Mart – Milli Teatr Günü adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edə bilərlər.