close
icon E-kataloq və kitabxana

Özbəkistan Respublikasının Buxara şəhərində XVI Beynəlxalq Konfrans keçirilir

24-05-2023

24-26 may tarixlərində Özbəkistan Respublikasının Buxara şəhərində Birliyin “Kitab və mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi” adlı II Forumu keçirilir. Forum çərçivəsində “CENTRAL  ASIA: elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları” mövzusunda XVI Beynəlxalq Konfrans işinə başlamışdır. Konfransın Plenar İclasında Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Botir Zaripov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və digərləri çıxış etmişlər. 
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Инновации в деятельности Национальных библиотек как средства популяризации книги и чтения, сохранения памяти народов” adlı məruzə və təqdimatla çıxış edərək, mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, ümumiyyətlə son illər istər iş proseslərində, istərsə də xidmət sahələrində innovasiyaların tətbiqinin Azərbaycan Milli Kitabxanasının  qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləmiş və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini vurğulamış, istifadəçilərin kitabxana-informasiya təminatında tətbiq edilən yeni layihələrdən  danışmışdır.
Natiq gənclərin mütaliə mədəniyyətinin formalaşması məqsədilə Milli Kitabxananın nəzdində günün 24 saatı ərzində sərbəst şəkildə mütaliəyə şərait yaradan “Açıq kitabxana” layihəsi, kitabxananın saytında virtual rejimdə respublika kitabxanalarına, mütəxəssislərə “Metodiki xidmət”, “Sənədlərin sifarişi və elektron çatdırılması”, həmçinin “Virtual sifariş” və “Biblioqrafik sorğu” kimi xidmət növləri, Azərbaycan xalq musiqisinə dair səsyazılarının, notların, Azərbaycan xalq musiqisi nümunələri, muğamlar, xalq mahnıları, qəhrəmanlıq təranələri, xalq rəqs musiqisi və aşıq musiqisinin, habelə dahi bəstəkarlarımız haqqında məlumatların yer aldığı “Musiqi kitabxanası” və “Audiokitab” layihəsi haqqında məlumat vermişdir.
Direktor, həmçinin mütəmadi olaraq virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksi olan və əməkdaşlar tərəfindən yaradılan tammətnli elektron məlumat bazalarının hazırlandığını qeyd etmiş, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə və digər mühüm sahələrə dair elektron virtual sərgilərin hazırlandığını vurğulamış, həyata keçirilən xidmətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə şərait yaradan, kitabxanaların işinin daha da təkmilləşməsi prosesinə xidmət edən innovasiyaların tətbiqinin günün tələbi olduğunu diqqətə çatdırmışdır. 
Konfrans öz işini 25 mayda “Kitabxana menecmenti üçün kadrların hazırlanmasının aktual məsələləri” (I bölmə), “Mütaliə mədəniyyətinin inkişaf perspektivləri” (II bölmə), “MDB ölkələrinin uşaq kitabxanalarında kitab və mütaliənin təbliği” (III bölmə), “Arxivlərin fəaliyyətinin səmərəli təşkilində müasir texnologiyaların rolu” (IV bölmə) mövzularında çıxışlarla, 26 mayda isə Özbəkistan Milli Kitabxanasının kitabxana-informasiya mərkəzləri sistemi üçün nəzərdə tutulmuş xüsusi proqramla davam etdirəcək.

icon

Foto qalereya