close
icon E-kataloq və kitabxana

Türkiyənin “İlim və edebiyat eseri sahipleri meslek birliyi”nin üzvüləri Azərbaycan Milli Kitabxanasında olmuşlar

04-02-2015

Fevral ayının 4-də Türkiyənin “İlim və edebiyat eseri sahipleri meslek birliyi”nin baş direktoru Mehmet Nuri Parmaksız, həmin birliyin direktor köməkçisi İlter Yeşilay və birliyin bir neçə üzvü Azərbaycan Milli Kitabxanasında olmuş, Milli Kitabxananın direktoru professor Kərim Tahirovla görüşmüşlər. Görüşdə Azərbaycan Respublikasında elm və ədəbiyyat sahəsində iş birliyinin təşkilindən, elm, ədəbiyyat, mədəniyyət sahəsində mövcud olan problemlərdən, xüsusən daha çox müəllifləri narahat edən müəlliflik hüququ problemindən bəhs etmiş, respublikamızda müəlliflik hüquqlarının necə qorunması və onun hüquqi tərəfləri ilə, bu sahədə Milli Kitabxananın həyata keçirdiyi siyasətlə maraqlanmışlar. Cənab Nuri Parmaksız eyni zamanda Türkiyədə nəşr edilmiş kitablara vahid beynəlxalq standart kitab nömrəsini (İSBN) verən təşkilatınbüro üzvü olduğuna görə bu işin Azərbaycanda təşkilinin vəziyyəti ilə də maraqlanmışdır. Qonaq Azərbaycanda nəşr edilmiş bir neçə kitabla tanış oldu və təəssüf hissi ilə qeyd etdi ki, Azərbaycanda nəşr edilən kitabların əksəriyyətinin beynəlxalq standart nömrəsi (İSBN) yoxdur.

 Qonaqlarla görüşdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu məsələ ilə bağlı bildirdi ki, qeyd edilən problem bu gün bizi narahat edən prioritet məsələlərdən biridir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin diqqət mərkəzindədir. Cənab Nazir “Kitabxana işi haqqında” Qanuna bəzi dəyişikliklərin edilməsi və respublika ərazisində nəşr edilən bütün çap məhsullarının məcburi nüsxəsinin Milli Kitabxanaya verilməsi məsələsinə yenidən baxılması ilə bağlı Milli Məclisə müraciət etmişdir. Bununla yanaşı cənab Nazirin təşəbbüsü ilə Azərbaycan ərazisində nəşr edilən bütün kitablara beynəlxalq standart kitab nömrəsinin (İSBN) verilməsi işinin Milli Kitabxana tərəfindən həyata keçirilməsi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilmişdir. Çünki hazırda bu iş özəl qurum tərəfindən həyata keçirilir və ona görə də demək olar ki, çap edilən kitabların sadəcə 20 %-i bu standart kitab nömrəsini alır. Əgər bu iş Milli Kitabxanaya həvalə olunarsa respublika ərazisində çap edilən bütün kitablar həm Azərbaycan Kitabının milli arxivinə daxil olar, həm də Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, iqtisadiyyatına dair dəyərli mənbələrin, tarixi faktların gələcək nəsillərə ötürülməsi təmin edilmiş olar. K.Tahirov təəssüflə bildirmişdir ki, bütün kitabların məcburi nüsxələri tam şəkildə Milli Kitabxanaya verilmədiyinə görə hazırda demək olar ki, çap məhsulunun 20 faizə qədəri milli ədəbiyyat arxivimizdə yer almır. Mehmet bey Nuri bu məsələdən narahat olduğunu dilə gətirərək İSBN-in verilməsinin Kültür Bakanlığı tərəfindən yerinə yetirilməsi və “Dərləmə qanunu”nun icra olunması səbəbindən Türkiyədə çap olunan kitabların 99,8 faizinin Türkiyə Milli Kitabxanasına verildiyini bildirdi.

Qonaqlar həmçinin Azərbaycanlı yazarlar, şairlər barədə də maraqlandılar. Xüsusən də “İlim və edebiyat eseri sahipleri meslek birliyi”nin direktor köməkçisi İlter Yeşilay respublikada yazıb yaradan şairə xanımlarla, onların sayı ilə maraqlandı və məlumat verdi ki, Türkiyədə şairə xanımlar say etibari ilə kişilərə nisbətən azlıq təşkil edirlər. Direktor K.Tahirov İlter xanımın sualına cavab olaraq bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən istedadlı şairə xanımlar kifayət qədərdir və hətta Azərbaycan Milli Kitabxanasında 4 şairə xanım çalışır.

Görüşün sonunda qonaqlar “Hasretin Gizi” və “Zeytinin tuzu gibi” kitablarını Milli Kitabxanaya hədiyyə etdilər, öz növbəsində direktor K.Tahirov isə “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, Azərbaycan Muğamına dair disklər dəstini və Azərbaycanlı şairə Məhsəti Gəncəvinin şeirlər kitabını qonaqlara hədiyyə etdi.

Qonaqlar Milli Kitabxana ilə yaxından tanış oldular və xatirə şəkli çəkdirdilər.