23-04-2026
Aprelin 23-də Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb, bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün təsis olunması barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib, 1996-cı ildən etibarən bu əlamətdar gün bütün dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur.
Professor ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini, Azərbaycan Respublikasının Konstitusiyasında müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqlarının təsbit olunduğunu diqqətə çatdırıb.
Direktor Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında əsas məqsədin kitabların keçmişlə gələcək, nəsillər və mədəniyyətlər arasında körpü rolu oynamasını bir daha ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb, kitab və mütaliənin insanın şəxsiyyət kimi formalaşmasında, mənəvi dünyasının zənginləşməsində, təfəkkür və idrak bacarıqlarının inkişafında mühüm rol oynadığını söyləyib.
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Təranə Əliyeva çıxışında bu günün əsas mesajının sadəcə kitabları sevmək yox, həm də onları qorumaq, müəlliflərin əməyinə hörmət etmək və oxuma mədəniyyətini gələcək nəsillərə ötürmək olduğunu söyləyib, Hüquq və İnsan Haqları İnstitutunun nəşrlərini iştirakçılara təqdim edib və tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür” mövzusunda ənənəvi və virtual sərgi (https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm) iştirakçılara təqdim olunub.
Sonda Hüquq və İnsan Haqları İnstitutunun nəşrləri iştirakçılara hədiyyə edilib.