close
icon E-kataloq və kitabxana

Yurdumuza Bahar gəlir

16-03-2018

Novruz bayramı insanları bir-birinə yaxınlaşdıran, gözəl əhval-ruhiyyə bəxş edən, xalqımızın ən sevimli, ən əziz bayramıdır.

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli şəkildə, özü də bir ay əvvəldən başlayaraq qeyd etməyə başlayır. Belə ki, bir ay ərzində hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur.

Hər məhəllədə tonqal qalanır, uşaqlar gənclər tonqalların üstündən atlanaraq yeni ilə niyyətlərini edirlər. Bu bayramda ən sevinən uşaqlar olur. Boyanmış Noruz yumurtalarını döyüşdürür, tongalların üstündən tullanır, “papaqatdıya” çıxır, bayram payı yığırlar.

16.03.2018 ci il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Yurdumuza Bahar gəlir” adlı tədbir təşkil edilmişdir.

Tədbirdə Bakı şəhər 29 saylı uşaq-körpələr evinin müəllim və uşaqları iştirak etmişlər. Açıq Kitabxananın əməkdaşları tərəfindən balacalara xalqımızın Novruz Bayramı adətləri, çərşənbələr haqqında məlumat verilmiş və Novruz ənənələrinə uyğun olaraq uşaqlar yumurta döyüşdürmüşlər.

Uşaqlar həmçinin Milli Kitabxananın binasına ekskursiya etmişlər.
Kitabxananın sərgi zalında yer almış "Azərbaycanın Milli Bayramı -Novruz", “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə tanış olmuşlar. Milli Kitabxananın hazırladığı uşaq ədəbiyyatı ilə bağlı olan elektron kitablardan istifadə edərək ekskursiyalarını daha da maraqlı keçirmişlər. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.
Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycan uşaq bəstəkarlarının - Qənbər Hüseynlinin “Cücələrim” uşaq mahnısını, Tofiq Quliyevin “Bahar” uşaq mahnısını, Fikrət Əmirovun mahnılarını dinləmişlər.

Sonda xatirə şəkli çəkilmişdir.

Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək olsun!!!

Bu bayramin elimizə, xalqimiza əmin-amanliq, firavan həyat, xoşbəxt günlər gətirməsini arzü edirik!