close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Görkəmli ədib, Xalq yazıçısı Əli Vəliyev” adlı virtual və “Xalq yazıçısı Əli Vəliyev – 125” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

27-02-2026

27 fevral 2026-cı il tarixində Milli Kitabxanada  XX əsr Azərbaycan nəsrinin inkişafında, ədəbi dilimizin zənginləşməsində özünəməxsus imzası olan, Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 125 illiyi münasibətilə “Görkəmli ədib, Xalq yazıçısı Əli Vəliyev” adlı virtual və  “Xalq yazıçısı  Əli Vəliyev – 125” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə yazıçının hekayələri, povestləri, romanları, oçerkləri, felyetonları, nağıl və əfsanələri, redaktor olduğu və ön söz yazdığı kitablar, həyatı, yaradıcılığı və görkəmli şəxsiyyətlərin onun haqqında xoş xatirələrindən bəhs edən ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eli_Veliyev/index.htm  linkindən istifadə edə bilərlər.

Əli Qara oğlu Vəliyev 1901-ci il fevral ayının 27-də keçmiş Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. İlk təhsilini anadan olduğu kənddə alıb, 1917-ci ildə 3 sinifli rus məktəbini bitirib, 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olub, sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirib. 1928-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) pedaqoji fakültəsinin tarix-ictimaiyyət şöbəsində təhsil alıb.

Yaradıcılığa Bakı mərkəzi firqə məktəbində oxuyarkən başlayıb, fəal fəhlə-kəndli müxbiri kimi “Kommunist”, “Kəndli”, “Gənc işçi”, “Yeni fikir” qəzetlərinin səhifələrində çıxış edib.

Əli Vəliyevin “Nənəmin cəhrəsi” adlı ilk hekayələr kitabı 1930-cu ildə çap edilib. “Qəhrəman” (1941), “Cəbhə hekayələri” (1942), “Sovqat” (1944) , “Gülşən” (1948), “Çiçəkli” (1950), “Ürək dostları” (1956), “Jurnalist kəndə gəlir” (1963), “Təzəgülün mərifəti” (1965), “Narahat adam” (1966), “Sənət eşqi” (1973), “İşığa doğru” (1975), “Turaclıya gedən yol”(1962), “Budağın xatirələri” (1963-64), “Qarabağda qalan izlər” (1976) povest və romanların,   uşaqlar üçün ”Ərköyün” (1944), “Madarın dastanı” (1955), “Uşaqlara sovqat” (1962), “Əziz nəvələrimə” (1964)  və s. əsərlərin müəllifidir.

1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulub.

1954-cü ildə “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülüb. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, “Xalq yazıçısı” fəxri adına layiq görülüb, müxtəlif orden və mükafatlarla təltif olunub.

2023-cü ildə Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş "Əli Vəliyev: biblioqrafiya”sı nəşr olunub.

icon

Foto qalereya