close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada 20 Yanvar hadisəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

19-01-2026

Yanvarın 19-da Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk olaraq Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov 20 Yanvar gününün həm hüzn, həm də qürur günü olduğunu qeyd edib. 20 yanvar şəhidlərinin qanının yerdə qalmadığını, 44 günlük Vətən müharibəsində qazanılan zəfərin özülünün məhz 20 yanvarda qoyulduğunu, 20 yanvar hadisələrinin azadlıq uğrunda mübarizəyə ruhlandıran oyanış olduğunu söyləyib. Bildirib ki, Azərbaycanın mərd oğulları ilk dəfə həmin tarixdə sovet rejminə, ordusuna qarşı əliyalın çıxaraq bütün dünyaya sübüt etdi ki, torpaq, xalq və azadlıq uğrunda biz canımızı fəda etməyə hazırıq. 44 günlük vətən müharibəsində isə onların övladları bu nümunədən ruhlanaraq, ilham alaraq torpaqlarımızı azad ediblər. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqı öz istəyinə nail oldu. Yüz illərdən bəri arzusunda olduğu ərazi bütövlüyünü bərpa edərək bütöv Azərbaycan yaradıldı.

20 yanvar hadisələrinin həqiqətlərinin, reallıqlarının kitablarda yaşadığını söyləyən professor Kərim Tahirov Milli Kitabxananın və kitabxanaçıların əsas vəzifəsinin bu tarixi materialları toplamaq, saxlamaq və gələcək nəsillərə çatdırmaq, belə tarixi günlərin unudulmaması üçün bu haqda yazılan kitabları ənənəvi və virtual kitab sərgiləri, eləcə də elektron məlumat bazası ilə dünyaya təbliğ etməkdən ibarət olduğunu bildirib.

Daha sonra Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tar.ü.f.d. Ədibə İsmayılova çıxış edib. O, Qanlı Yanvar hadisəsinin tarixi köklərindən söz açıb və əlavə edib ki, bu çətin dövrdə xalqın iradəsi qırılmadı, əksinə milli azadlıq ideologiyasının təşəkkülü xalqın azadlıq və ədalət uğrunda mübarizəsinin məntiqi nəticəsi oldu.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımız” adlı elektron məlumat bazası təqdim olunub https://anl.az/el/emb/20_yanvar/index.htm .

Sonda iştirakçılar “20 Yanvar – Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi  və virtual  kitab sərgisi ilə tanış olublar https://anl.az/el/vsb/20_Yanvar_Qurur_gunumuz/index.htm .  

Sərgidə 20 Yanvar hadisələrini əks etdirən Azərbaycan və müxtəlif dillərdə kitablar və fotolar nümayiş olunur.

icon

Foto qalereya